1

Aqil Acalov: “İnam varsa, uğur var!”

Alpaqut Federasiyasının prezidenti Aqil Acalovla müsahibə üçün çəkiliş məkanı axtararkən çox düşünmədən Binə Atçılıq Mərkəzini seçdik. Borçalıda at belində böyüyən, əsl Qafqazlı, əsl türk olan müsahibimizlə yollandıq sözügedən məkana. Bir-birindən məğrur, bir-birindən əzəmətli atları gördükdən sonra söhbətimizi at belində aparmağa tərəddüd etsəm də, müsahibim qorxumu dəf etməyə yardımçı oldu. İnsanın emosiyalarını duyan bu  sədaqətli heyvana sevgi ilə yanaşmağı məsləhət görərək, ilk dəfə at minməyimə baxmayaraq, səbrlə at çapmağın incəliklərini öyrətdi. At belində başlayan söhbətimizə atlardan söz açaraq keçid aldıq…

R.K. – Bayaqdan sizi müşahidə edirəm ki, atlarla danışırsınız. Çox maraqlıdır, bu dilsiz-ağızsız heyvanlara nə söyləyirsiniz?

A.A. – Heyvan insana nəyə görə hücum çəkir? Çünki insandan qorxur. Əslində bütün canlılarda özünümüdafiə instinkti güclüdür. İnsan özünümüdafiəni şüurlu şəkildə edir, qorxusuna hakim ola bilir. Amma heyvan özünümüdafiə etmək üçün qorxudan hücum çəkir. Mən həmişə ilk dəfə minəcəyim atla söhbət edirəm, ona xoş sözlər deyirəm, əzizləyirəm, sanki atla tanış oluram (gülür). Atlarla səmimi danışmaq lazımdır. Çünki at insanın emosiyalarını hiss edən heyvandır.

1

R.K. – Əvvəllər at, arvad, bir də papaq kişinin namusu hesab olunurdu. Bəs Aqil Acalov bugünkü gündə hansı üçlüyü kişinin namusu hesab edir?

A.A. – Ən böyük namus vətən torpağıdır. Digər yerlərdə isə, təbii ki, üçrəngli bayrağımız, analarımız və xanımlarımızdır.

R.K. – Atınız var?

A.A. – Var! Bu yaxınlarda əsl Qarabağ atı hədiyyə ediblər.

R.K. – Sevdiyiniz, əzizlədiyiniz atlar heç sizi yarı yolda qoyub?

A.A. – Atdan tez-tez yıxılmaq peşəkar idmançılar üçün də adi haldır. Amma şükürlər olsun ki, bu hal mənim başıma gəlməyib. At ən çox sevdiyim iki heyvandan biridir. Digəri isə türk milləti olaraq totemimiz sayılan canavardır. Canavar yeganə heyvandır ki, ov zamanı sanki hərbi gedişlərdən, müxtəlif  taktikalardan istifadə edir. Canavar ömrü boyu bir dişiyə bağlı olur. Dişi öləndə də ömrünün sonuna qədər yalqız qalır, çox mərd heyvandır. Elə millətlər var ki, onların simvolları aslandır, ayıdır. Canavar o heyvanlardan kiçik olsa da, onun bir fərqi var: sirkdə oynamır… Canavarı əhliləşdirmək olmur. Canavarın bu xüsusiyyəti biz türklərdə də var; tarixin müəyyən dövrlərində hər hansı dövlətin hakimiyyəti altında yaşasaq da, bu hal uzun çəkməyib. Ayağa qalxıb müstəqilliyimizi elan etmişik. Çünki türk milləti tabe olmağı sevmir.

2R.K. – Canavarın tabe olmamaq xüsusiyyətini götürmüşük. Bəs sadiqliyini necə?

A.A. – Hər şeyi canavara bağlamaq olmaz ki… (gülür). Kim necədir, – deyə bilmərəm, amma mən bütün münasibətlərdə sadiqliyin tərəfdarıyam. Bu həm dostlara münasibətdə, həm də canavarlarda olduğu kimi, əks-cinsə qarşı belədir. Qarşılıqlı diqqət, qayğı, sevgi olan yerdə inanmıram ki, xəyanət olsun.

R.K. – Heç canavarla qarşılaşmısınız?

A.A. – Bəli. Açığı deyim ki, ilk növbədə qorxu hiss etdim. Həm də o görüşdən sonra totemimiz olan bu heyvana qarşı rəğbətim, sevgim birə-beş artdı.

R.K. – Bəs həmin görüşün sonu necə bitdi?

A.A. – Salamat… Çünki canavar toplu şəkildə olan insanlara hücum etmir. Mən də tək deyildim.

R.K. – Özünüzü necə xarakterizə edə bilərsiniz?

A.A. – Desəm ki, ideal xarakterim var, – yalan olar. Müasir dövrdə yaşayırıq, amma mən bir az köhnə fikirli kişilərdənəm. Adət-ənənələrə bağlı insan olduğuma görə tünd, ağır xarakterim var. “Kişi” adını kişi kimi yaşamağa çalışıram.

R.K. – Bugünkü gündə ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq çoxmu çətindir?

A.A. – Dövran həmin dövrandır. Sadəcə texnologiya inkişaf edir, insanlar dəyişir. Mənim millətim şərəfli millətdir. Düzdür, bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də xarakteri zəif insanlar var. Amma mənim millətim lazım gəldikdə bir yumruq halında  birləşməyi bacarır. Necə ki, son aprel hadisələri zamanı, Qarabağda baş verənlərlə bağlı bu birliyi bütün dünya gördü. Əgər insan bünövrədən düzgün yolu seçirsə, onun üçün şərəflə yaşamaq adi bir həyat tərzinə çevrilir. Əyri yolda olan insana isə, təbii ki, şərəflə yaşamaq çox çətin gələcək. Kişi həyatında heç zaman maska taxmaz.

7R.K. – Cəmiyyətdə kişi sözünün çəkisi nə dərəcədə qalıb?

A.A. – Bu gün sosial şəbəkələrdə insanları izləyirəm, xüsusən də, xanımlarımız “kişilər belə, kişilər elə” deyib asıb-kəsirlər. Məndə sual yaranır: o insanlar nə cür kişilərlə oturub-durub dostluq edirlər ki, belə düşünürlər? Ən azından, öz ətrafımı götürərək deyə bilərəm ki, bu gün kişi sözünün böyük ağırlığı var.

R.K. – Siz də aktiv sosial şəbəkə istifadəçilərindənsiniz. Bu gün insanların sanki sosial şəbəkələrdə yaşayırlarmış kimi davranmalarına, hər addımlarını paylaşmalarına  münasibətiniz necədir?

A.A. – İndi informasiya dövrüdür. Gördüyümüz işləri göstərməliyik ki, insanlar fəaliyyətimiz barədə məlumatlı olsunlar. Məsələn, mən təmsil etdiyim federasiya ilə bağlı paylaşımları çox edirəm. Bu gün biz işimizi kütləvi informasiya vasitələri ilə yanaşı, sosial şəbəkələrlə də göstərməyə, yaymağa çalışırıq. Amma şəxsi həyatların sərgilənməsinə çox pis baxıram. Şəxsi həyatı virtual aləmə daşımaq düzgün deyil.

R.K. – Nəyə görə insanlar şəxsi həyatlarını hamının gözü qarşısına çıxarmağa can atırlar?

A.A. – İnsanlar özlərini görmək istədikləri kimi görə bilmirlər, yaşamaq istədikləri həyatı yaşaya bilmirlər. Nəticədə, internetdə, sosial şəbəkədə müəyyən bir görüntü, imic formalaşdırmağa çalışırlar. Real həyatda özlərini təsdiq edə bilmədiklərindən bunu virtual aləmdə etməyə cəhd göstərirlər. Ümumiyyətlə, geyimlərini, yedikləri yeməkləri, hər addımlarını sosial şəbəkələrdə paylaşan insanların yanaşması mənə yaddır. Düşünürəm ki, çoxu da bekarçılıqdan, savadsızlıqdan irəli gəlir. Elmsiz adam başlayır maraqsız, mənasız işlərlə məşğul olmağa.

8R.K. – Bəzən sosial şəbəkələrdə ittihamedici paylaşımlarınıza rast gəlirik. Bu kəskin çıxışlar kimlərə ünvanlanıb? 

A.A. – Sözdə öndə, əməldə sonda gələnlərə… Vətən, millət sevgisi populist statuslarla, profilə bayraq asmaqla bitmir. Çayxanada oturub vətən, millət deməklə bu dövlət üçün heç bir şey etmək olmaz. Bu gün hər bir vətəndaşımız, xüsusən də, gənclərimiz öz sahələrində, öz işlərində vətənə xidmət etməlidirlər. Vətənpərvərlik o demək deyil ki, hər kəs əlinə avtomat alıb səngərə yollansın. Düzdür, müharibə olarsa, hər birimiz silaha sarılmalıyıq, vətənin müdafiəsinə şərəflə qalxmalıyıq. Amma bugünkü gündə sosial şəbəkələrdə boş-boş danışmaqdansa, hər kəs öz işini dürüst, qayda-qanunla icra edərsə, vətənə daha çox xidmət etmiş olarıq. Öz işində o qədər qüsursuz olmalısan ki, insanlar sənin təmsil etdiyin qurumun timsalında dövlətçiliyimizə sayğı duysunlar.

R.K. – Əsli-kökü olan bir nəsildənsiniz. Kimdir Acalovlar?

A.A. – Qürur duyuram ki, bu soyadın davamçısıyam. Ulu babam Emin bəy Acalov öncə Borçalı-Qarapapaq Türk Cümhuriyyətinin, daha sonra Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyətinin dövlət başçısı olub. Türkçülük, dövlətçilik üçün xidmət edən bir şəxsiyyət idi. Ana tərəfdən ulu babam İsrafil bəy Acalov isə 1915-ci ildə ermənilərin Naxçıvan, Ərzurum, Qars, Qarabağ ərazilərində türklərə qarşı soyqırımı aparmaq istəklərinin qarşısını almış bir şəxsiyyət olub. Ermənilər ona “İntiligent cəllad” deyirdilər. Erməni generalı Nazarbekyanın başını qılıncla kəsib. Andronik də onunla döyüşdə məğlub olub, yaralı halda qaçıb. General Səfərəli bəy Acalov, general Vəli bəy Acalov da soyadını daşıdığım nəslin qürur qaynaqlarıdır.

R.K. – Ailə həyatınızda hansı yeri tutur?

A.A. – Ailə özü kiçik bir dövlətdir. Mənim üçün vətənim, millətim, dövlətim nə qədər müqəddəsdirsə, ailəm də bir o qədər müqəddəsdir. Atanın, ananın yerini bu həyatda heç nə verə bilməz. Mən valideynlərimi həyatda heç nə ilə müqayisə etmirəm. Ailə toxunulmaz, əvəzolunmaz bir qaladır.

2

R.K. – Türkçülük dastanımız “Dədə Qorqud”da Beyrək atasına “mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o durmuş olsun! Mən qaracıq atıma minmədən o minmiş olsun! Mən döyüşə getməmiş o, mənə baş gətirsin!”, – deyirdi. Aqil Acalov necə bir xanım axtarır?

A.A. – Ta xanlar-xaqanlar dövründən böyük addımlar atan şəxsiyyətlərin, güclü kişilərin yanında həmişə güclü qadınları olub. Necə ki Çingiz xan bütün sərkərdələrini yığıb deyirdi: “Mən bütün dünyanın xanıyam, amma mənim xanım mənim xatunumdur”. Bu sözün yükü çox ağırdır. Qədimdə döyüş meydanında sözünü demiş xanımlarımız olub. Tarixə nəzər salsaq, siyasətdə, diplomatiyada da qüdrətli xanımlarımızın olduğunu görərik. Türk qadını həmişə öz gücü, qüdrəti ilə seçilib. Türk kişiləri də qadına hər zaman ən yüksək dəyəri veriblər. Dünyanın heç bir dilində bizim qadınlara müraciət formamız olan “xanım” kimi gözəl söz yoxdur. Kökündə “xan” sözü dayanır. Vurğunun yerini dəyişsək, “mənim xanım” mənasını bildirəcək. Elə bu ifadə vasitəsi də qadına nə cür dəyər verdiyimizi göstərir. Kişini kişi edən onun xanımıdır. Bu baxımdan mən də yanımda güclü, ağıllı və savadlı bir xanım görmək istərdim.

R.K. – Azərbaycanın ictimai həyatında seçilən uğurlu gənclərdən biri də sizsiniz. Uğur nədir və onu əldə etmək üçün nə tələb olunur?

A.A. – Hər zaman çalışmışam ki, uğur mənim üçün hobbiyə çevrilsin. Mənim üçün uğurun böyüklüyü, kiçikliyi önəmli deyil, əsas odur ki, uğurlardan həzz alıram.

Uğur əldə etmək üçün insan zəhmətkeş, ambisiyalı, prinsipial olmalıdır. Bunların hamısı bir arada olanda uğur qazanmamaq mümkün deyil. Hər şeyin başında isə, təbii ki, inam dayanır; inam və iman. İnsan gördüyü işin nəticəsinə inanmalıdır, atdığı addımda möhkəm olmalıdır. Ümumiyyətlə, hər bir şəxsin bu həyatda konkret məqsədi olmalıdır.

4

R.K. – Sizin məqsədiniz nədir?

A.A. – Məqsədim dövlətimə, millətimə, öz dostlarıma, yaxınlarıma, ailəmə yarayan, gərəkli insan olmaq…

R.K. – Bu günə kimi qazandığınız ən böyük nailiyyət nə olub?

A.A. – Özümə tənqidi yanaşan insanam, həmişə gördüyüm işdən narazı qalıram. Çalışıram ki, gördüyüm iş daha mükəmməl olsun. Ən böyük və ya ən kiçik uğurum nədir, – deyə bilmərəm, amma Azərbaycan gəncinin vətənpərvər yetişməsində və ya çalışdığım digər sahələrdə dövlətçiliyimiz üçün hər hansı bir rolum olubsa və ya olacaqsa, Azərbaycan cəmiyyəti bunu görəcəksə, bu, mənim üçün böyük uğur olar. Desəm ki, uğur qazanmaq üçün uğur dalınca qaçıram, yalan olar. Mən sadəcə içimdən gələn işlərlə məşğul oluram.

R.K. – İş demişkən, çox fərqli sferalarda fəaliyyət göstərirsiniz: iqtisadçı, idmançı, ictimai xadim…

A.A. – Bəli, gənc aliməm, iqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Mənim bir xarakterim var ki, bir işin qulpundan yapışdımsa, onu mükəmməl səviyyədə yerinə yetiriməyə çalışıram. Bu səbəbdən iqtisadi təhsilimə çox önəm vermişəm, savadlı iqtisadçı olmaq uşaqlıq arzum olub.

İdmana gəldikdə isə, ilk növbədə, sağlamlıqdır. İkinci növbədə, düşünürəm ki, hər bir kişi özünümüdafiəni, əzizlərini, ailəsini müdafiə etməyi bacarmalıdır. Türkün törəsində ailəni, namusu, qeyrəti, şərəfi qorumaq ailə başçısının, kişinin üzərinə düşür. Bu baxımdan kişi həm mənəvi, həm də fiziki baxımdan güclü olmalıdır. Amma şükürlər olsun ki, kriminal cəmiyyətdə yaşamırıq. Özünümüdafiə etmək üçün güc nümayişinə ehtiyac yoxdur.

Şərq əlbəyaxa döyüş növləri üzrə peşəkar idman ustasıyam. Peşəkar idmançı olsam da, heç vaxt  dalaşqan olmamışam. Çalışmışam ki, küçə davalarından uzaq durum. Düşünürəm ki, peşəkar, özünə hörmət edən idmançı fiziki gücünü ancaq yarışlarda nümayiş etdirməlidir, küçədə yox. Bu gün cəmiyyətdə idmançılara qarşı münasibət birmənalı deyil. İdmançıdırsa, deməli, “özünü apara bilmir, vəhşidir”, – deyə düşünənlər də var. Bu təəssürat peşəkar olmayan idmançıların sayəsində yaranıb. Məşğul olduğu idman növünü sevən, döyüş sənətinə hörmət edən idmançı özünümüdafiə halları istisna olmaqla, heç bir halda güc nümayiş etdirməməlidir.

İctimai sahə isə mənim ruhuma yaxın olan bir yoldur. O, içdən gəlir, gendən gəlir…

5

R.K. – Müxtəlif sahələrdə fəaliyyət göstərmək enerji, zəhmət, iradə tələb edir. Nədən stimul, güc alırsınız?

A.A. – Bu gün cəmiyyətdə belə bir düşüncə var ki, qabağa getmək üçün “day-day” lazımdır. Bunlar hamısı pafoslu çıxışlardır. Bir insan nəyəsə nail olmursa, başqalarını günahlandırmaq düzgün deyil. Düzdür, istisna hallar da baş verir, bəzən qabağa getmək üçün arxa-dayaq lazım olur. Amma bunu ümumiləşdirmək də düzgün deyil. Bu gün sağlam Azərbaycan gəncinin, peşəkar kadrın yetişməsi üçün istənilən şərait var. Mənim də stimulum odur ki, belə bir dövlətdə yaşayıram. İstər idman, istər ictimai, istər elm sahələrində, istərsə də çalışdığım dövlət işlərində əziyyət çəkmişəm və bu əziyyətimin bəhrəsini də görmüşəm. Maliyyə Nazirliyinə işə test üsulu ilə qəbul olunmuşam. Təhsilimi fərqlənmə ilə bitirərək doktoranturaya qəbul olunub gənc alim olmuşamsa, bunlar hamısı əziyyətimin bəhrəsidir. Gördüyün işlərin nəticəsi, bəhrəsi varsa, bundan gözəl stimul  ola bilməz.

R.K. – Azərbaycan Alpaqut Federasiyasının prezidentisiniz. Alpaqut nədir?

A.A. – Turan coğrafiyasında yaşayan türkdilli xalqların döyüş mədəniyyətlərindən götürülmüş, müasir dövrün şərtlərinə, idman qaydalarına uyğun sintezləşdirilmiş, ərsəyə gətirilmiş bir döyüş sənətidir. Sözün hərfi mənasına nəzər salsaq, “alp” “döyüşçü”, “kut” “müqəddəs” deməkdir. Yəni “müqəddəs döyüşçü” mənasını bildirir.

Ümumiyyətlə, onu xüsusi olaraq, qeyd etmək istərdim ki, tarixdə “alpaqut” adında idman növü olmayıb. Alpaqutlar döyüşçülər olublar. Bu idman növü o “müqəddəs döyüşçülər”in şərəfinə belə adlanıb. Tarixdən hər birimizə məlumdur ki, Göytürk xaqanlığı dövründə ordu 3 hissədən ibarət olurdu: at çapanlar, ox atanlar, qılınc oynadanlar. Və bütün bu məziyyətləri özündə birləşdirən xüsusi döyüşçü növü də var idi ki, onlar “alpaqut” adlanırdı.  Müasir dildə desək, alpaqutlar günümüzün xüsusi təyinatlı döyüşçüləri olublar. Onlar hələ uşaq yaşlarından xüsusi şəkildə yetişdirilirdilər. Onların qarşısına çətin tapşırıqlar qoyulurdu. Məsələn, 3-4 yaşlı uşaq qoyunun belində oxla siçan vurmalı idi. 10 yaşı olanda artıq siçanı at belində vurmalı idi. 16 yaşına çatanda isə peşəkar döyüşçü, bahadır sayılırdı. Ox atmağı, qılınc oynatmağı, at çapmağı ən yüksək səviyyədə etməli idi. Əlbəyaxa döyüşü mükəmməl bacarmalı idi.

6

R.K. – Alpaqutların orduda görəvi nə idi?

A.A. – Onlar gecə ilə düşmən düşərgəsinə soxulub səhərə kimi döyüşürdülər. Sayca az olurdular. Buna baxmayaraq, düşmən ordusunu səhərə kimi oyaq saxlayırdılar. Onlara dinclik tapmağa macal vermirdilər. Səhər də yorulmuş, əldən düşmüş  düşmən ordusu asanlıqla məğlub olurdu. Alpaqutların ən önəmli özəllikləri isə heç vaxt əsir düşməmələri idi. Xüsusi yetişdirilmiş döyüşçülər olaraq, hər zaman ordunun önündə gedirdilər.

Müharibə şəraitində olan dövlətin, millətin öz milli ruhuna yaxın olan döyüş mədəniyyətinin olması və bunun inkişaf etdirilməsi vacib şərtdir. Bugünkü Azərbaycan gənci, yeniyetməsi gələcəyin əsgəridir. O əsgər bilməlidir ki, onun tarixi nə olub, keçmişində nələr baş verib, milləti tarixdə hansı uğurları əldə ədib. Alpaqut da bunun üçün gözəl vasitədir. Çünki biz onlara tarixi həqiqətləri, hərbdə olan uğurlarımızı aşılayırıq. Bu da onların vətənpərvər ruhda yetişmələrinə təkan olur. Alpaqutun əsas məqsədi yetişməkdə olan gənc nəslə vətənpərvərliyi, milli ruhu aşılamaqdır.

R.K. – Aqil Acalovun başqalarının bilmədiyi hansı xüsusiyyətini bizim üçün aça bilərsiniz?

A.A. – Xaraktercə səmimiyəm, açıq insanam. Hamıdan gizlətdiyim bir özəlliyim var, – desəm, yalan olar. Amma hər kəsin olduğu kimi, mənim də özümə aid sirlərim var, bunları heç özüm-özümə də açıqlamıram…

11

R.K. – Hansısa bir kitabdan, filmdən və ya öz aforizmlərinizdən ən çox sevdiyiniz bir misra…

A.A. – “Anamın gülüşündən gözəl heç nə görməmişəm…”

R.K. – Aforizmlərdən söz düşmüşkən, bildiyim qədər həm də şeir yazırsınız…

A.A. – Hərdən olur ki, ilham pərisi gəlir (gülür)… Şeir də yazıram, hətta musiqi də bəstələyirəm. Amma bunları çap etməyi, üzə çıxarmağı düşünmürəm.

R.K. – Həm də pianoda, gitarada ifa edirsiniz… Heç gitaranı götürüb yazdığınız musiqilərdən serenada oxumusunuz?

A.A. – Mənim xasiyyətimdə yoxdur ki, aşırı dərəcədə sevgi, istək nümayiş etdirim. Kişi sevər, qayğı göstərər, öz istəyini bildirər. Amma kişi ağırlığını da qorumalıdır. Eyvanın altında serenada ifa etmək, dizi üstə çöküb evlilik təklifi etmək mənim xarakterimə yad olan bir şeydir, etməmişəm və etməyi də düşünmürəm (gülür)… Kişi yalnız anasının və bayrağının qarşısında diz çökər.

R.K. – Aqil Acalovla yola çıxmaq olar?

A.A. – Ətrafdan ağır, zarafatı sevməyən, qaşqabaqlı insan təsiri bağışlayıram. Düzdür, bu, görünüşümdə də özünü büruzə verir. Amma əslində pozitiv insanam. Müxtəlif mövzularda söhbətlər etməyi sevən, bildiklərimi paylaşmağa çalışan biriyəm. Düşünürəm ki, mənimlə sözün bütün mənalarında yola çıxmaq olar. Ən əsası, mənim qanunlarımda satqınlıq yoxdur. Mənimlə yola çıxan insan o yolda yıxılsa, mən də onunla yıxılaram…

13

R.K. – Hər kəsin ovqatı pis olanda gedəcəyi bir künc və ya sığınacağı bir insan var. Siz harada sakitlik tapırsınız?

A.A. – Təbiətdə… Təbiətdə tək gəzməyi çox sevirəm, özüm-özümlə söhbət edirəm. Bu, meşə də ola bilər, dəniz kənarı da…

Azadlığı sevən insanam. Özümü ən azad suyun altında hiss edirəm – imkan daxilində  professional şəkildə dayvinqlə məşğul oluram. Sualtı aləmin tamam başqa gözəlliyi var. Orada özünü sivilizasiyadan uzaq hiss edirsən, İlahi varlığın – Allahın yaratdığı bu gözəlliklərə heyran olursan. Sanki nağıllar aləminə düşürsən.

R.K. – Həm su altında, həm də zirvədə olmağa can atırsınız. Ən dibdə və ən yüksəkdə olmağı sevmək maraqlı ziddiyyətdir…

8

A.A. – Suyun altında yeraltı aləmin zənginlikləri ilə baş-başa qalanda Tanrının əzəmətini, qüdrətini bir daha anlayıram. Sözlə ifadə olunmayacaq qədər gözəl və özəl duyğular yaşayıram. Zirvə ilə bağlı da eyni sözləri söyləyə bilərəm… Zirvə ekstremal idman növlərinə olan marağımdan qaynaqlanır. Ümumiyyətlə, zirvəyə qalxmaqdan başqa hobbilərim arasında paraşütdən tullanmaq da var.

Dağ zirvəsinə qalxmaq çox təhlükəlidir, həyati risk daşıyır. Gedib dönməmək, sağ qayıtmamaq ehtimalı da var. Ekstremal şərait, yüksəklik, oksigen çatışmazlığı – bütün bunlara sinə gərməlisən. Bu yaxınlarda Kiçik Qafqazın ən hündür zirvəsi olan Qoşqara (hündürlüyü dəniz səviyyəsindən 3661 metrdir – red.) qalxmışdıq. Zirvəyə qalxmaq üçün əzmkarlıq, fiziki güc tələb olunur. O zirvəni fəth etməklə mən nə qazandım? İlk növbədə, özüm-özümü tanıdım. Nə qədər məqsədyönlü, prinsipial olduğumu bir daha özüm üçün müəyyən etdim. Ən əsası, “fəth etdim”, “bunu da bacardım” düşüncəsinin verdiyi zövqü başqa bir şeydən almaq olmur. Orada həyat şəraiti tamam fərqlidir, yağış da, qar da yağır, güclü külək də, oksigen çatışmazlığı da olur. Və sən bir insan oğlu olaraq təbiətin sərt tərəfləri ilə qarşılaşırsan. Zirvəyə qalxan  yolda insanla təbiətin açıq-aşkar mübarizəsi gedir, insan təbiətə çağırış göndərir. Ya sən onu fəth edəcəksən, ya o, səni. Səbr, güc, iradə tələb olunur və şükür ki, məndə bu da alındı.

Rəna Kərimova

12

Aqil Acalov: “Bir zamanlar belə bir deyim vardı: “Qafqaz kişisi, əsl cigit 3 şeyi bacarmalıdır: At belində çapmağı, yaxşı qılınc oynatmağı və ləzginka oynamağı”. Düzdür, indi qılınc oynatmaq öz qüvvəsini itirib. Amma onun əvəzinə, silahdan sərrast atəş açmağı bacarıram, tez-tez ova gedirəm. Yaxşı ləzginka oynamaq bacarığım da var. O ki qaldı ata, uşaq vaxtımdan at çapa-çapa böyümüşəm. Atlarla dostluğum oradan gəlir”.

About Rəna Kərimova

Leave a Reply